Deportasiyanın yaratdığı problemlərdən biri də bölgədəki tarixi yer adlarının dəyişdirilməsi prosesini sürətləndirməsi idi. İkinci Dünya müharibəsindən sonra bu prosesə təkan verən iki hadisə olmuşdu. Bunlardan birinci xaricdən 90 minə qədər erməninin Ermənistana gətirilməsi idisə, ikincisi azərbaycanlıların kütləvi köçürülməsi idi. [75] Azərbaycan türklərinin Ermənistandan məcburi köçürülməsi ilə paralel olaraq yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi əməliyyatı aparılırdı. 1947–1953-cü illərdə 60-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin, eyni zamanda Ermənistan SSR Ali Sovetinin 19 sentyabr 1950-ci il fərmanı ilə dəmiryol stansiyalarının adları dəyişdirilmiş, Kolagirən-Tumanyan, Hamamlı-Spitak, Ortakilsə-Maisyan, Tomardaş-Vapdakar, Arpaçay-Axuryan, Buğdaşeş-Baqravan, Qaraqula-Gedan, Ələyəz-Araqats, Boğutlu -Armeni, Qaraburun -Qarmraşen, Qamışlı-Sovetaşen, Uluxanlı-Masis, İmanşahlı-Mxçyan, Qəmərli-Artaşat, Şirazlı-Ayçavan adlandırılmışdır. Ermənistan SSR Ali Sovetinin 1951-ci il martın 19-da verdiyi digər bir fərmanla Dilcan rayonu İcevanla, Əzizbəyov rayonu Mikoyanla, Ələyəz rayonu Vediyə , Qukasyan rayonu Amasiya rayonu ilə birləşdirilmişdi. Azərbaycanlı kadrlar ixtisar edildikdən sonra həmin rayonlar ayrılaraq müstəqil rayonlara çevrildilər. [97] [98] Köçürülmə həmçinin Ermənistanda azərbaycanlılar yaşayan bölgələrin bir-biriləri ilə əlaqələrinin kəsilməsinə də səbəb oldu. Köçürməyə qədər Ermənistanda azərbaycanlı yaşayış məntəqələri bir-biri ilə sıx əlaqəli idi və demək olar ki, Azərbaycan mahalları biri digərinə söykənirdi. Ermənilərin tərtib etdiyi köçürmə planı nəticəsində tarixən yaranmış mövcud əlaqələr kəsilmiş oldu. Göyçə gölünün sağ sahili boyunca yaşayan (Kamo və Martuni rayonları) türkləri köçürməklə Dərəçiçək, Gərnibasar, Dərələyəz mahalları ilə sol sahil Göyçənin , Qəmərli əhalisini köçürməklə Zəngibasarla Vedibasarın, Gümrünü köçürməklə Ağbaba, Pəmbək və dağ Borçalının əlaqəsi tamam kəsilmiş oldu. Talin, Artik, Əştərək, Oktomberyan, Kotayk rayonlarında yaşayan axırıncı azərbaycanlılarda bu rayonlardan tamamilə çıxarıldılar. [99] [97] Həmçinin İrəvan Pedaqoji İnstitutunun dörd azərbaycan dilli fakültəsi bağlanmış və Bakıya köçürülmüşdü. Bu barədə Azərbaycan SSR NS-nin 1 iyul 1948-ciil 700 №-li xüsusi qərarında geniş bəhs olunur.